Əli bəy Haqqında
Əlibəy Hüseynzadə - yazıçı, publisist, şair. Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixində böyük rolu olan alim.
Əlibəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dünyaya göz açanda Azərbaycanda ictimai-mədəni düşüncə epiqonçu ənənələr əsasında davam edirdi. Ölkədə çarizmin monarxist idarə üsulu hökm sürür, kəndlərdə təhkimçilik hüququ öz təsirini göstərir, ümumxalq təfəkküründə "zillüllah" (padşahı Allahın kölgəsi saymaq) fəsfəsəsi mövcud idi. Ə.Hüseynzadə Tiflisə, babası Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin yanına gedib orada gimnaziya tələbəsi olanda da (1875-1885) ictimai-mədəni şüurun səviyyəsi təxminən belə idi. Doğrudur, Cəlil Məmmədquluzadənin yazdığı kimi, "az-az ayılanlar" var idisə, yenə də "xabi-qəflət qaranlığında Allahu Əkbər" sədasından başqa bir şey eşidilmirdi.
Belə bir vaxtda Tiflisdə Şərqin maarifçi-materialist filosofu, dünyəvi elmlərə böyük rəğbət bəsləyən mütəfəkkir M.F.Axundovla babasının məclislərində tanış olan Ə.Hüseynzadə təbiət elmlərinə qədərsiz maraq göstərməyə başladı. Bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə gətirdi. Burada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir və bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır...
Ə.Hüseynzadə İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedir, üç il sonra geri qayıdır və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyir. O, burada da təqib olunur, çünki darülfünun tələbəsi ikən artıq inqilabçı gənc türklər hərəkatına qoşulmuş, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olmuşdu.
Ə.Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdır.
Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".
Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.
1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan feyza Sənət Qaleriyasını açdı. fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur.
Subscribe to:
Comments (Atom)

No comments:
Post a Comment